Azərbaycanşünaslıq Akademiyası
Orta Çağ

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.

Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.