Azərbaycanşünaslıq Akademiyası
Rusiyanın Ural Federal Universitetində Azərbaycanşünaslıq Mərkəzi



2014 cü ilin fevral ayında Rusiya Federasiyasının yüksək elmi potensiala malik ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınan Ural Federal Universitetində (UrFU) Azərbaycanşünaslıq Mərkəzi açılmışdır. Mərkəz Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi və tədris ədəbiyyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair materiallarla, habelə müasir texniki avadanlıqla təmin edilmişdir. Mərkəz vasitəsilə Bakı Slavyan Universiteti ilə universitetlər arasında müəllim və tələbə mübadiləsi və birgə elmi araşdırmalar həyata keçirilir, müştərək layihələr gerçəkləşir.

Moskva Dövlət Linqvistik Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi

2007-ci ildən Bakı Slavyan Universitetinin təşəbbüsü ilə Moskva Dövlət Linqvistik Universitetində azərbaycan dili tədris olunmuş və 2009-cu ilin aprel ayında Moskva Dövlət Linqvistik Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” açılmışdır. Mərkəz azərbaycan dilinin tədrisi üçün zəruri olan avadanlıqlarla, Azərbaycan dilinə, ədbiyyatına, mədəniyyətinə, tarixinə, coğrafiyasına və s. kitablarla təmin olunmuşdur.

Mərkəzin fəaliyyəti tədris və mədəniyyət istiqamətləri üzrə aparılır. Tədris istiqaməti çərçivəsində Mərkəzdə Azərbaycan dili üzrə tədris metodik vəsaitlər və proqramlar hazırlanır. Mərkəzdə Azərbaycan dili üzrə praktiki kurs, Müntəxabat və Müəllimlər üçün kitab olmaqla 3 hissədən ibarət dərs vəsaiti nəşr olunmuşdur.

Mərkəzdə təhsil alan tələbələr, eyni zamanda Azərbaycanda, xüsusilə də Bakı Slavyan Universitetində təşkil olunan konfranslarda iştirak edir və təcrübə keçirlər.

Mərkəz öz işini təkcə tədrislə məhdudlaşdırmır, həmçinin Azərbaycanın görkəmli elm, ədəbiyyat və mədəniyyət, eləcə də ictimai xadimlərinə həsr olunmuş yubileylər və gecələr keçirir, Azərbaycanın milli bayramları və əsas tarixi günlərinin qeyd edir.