Azərbaycanşünaslıq Akademiyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
13 illik fəaliyyətinin əsas istiqamətləri




Giriş
Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: "Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır".

O, həmçinin qeyd edib ki, Azərbaycanın bu illər ərzindəki ən böyük uğuru müstəqillik yolundan dönməməsindən ibarətdir: "Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür".


Regionların sosial-iqtisadi inkişafı
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.

Bütövlükdə demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezis meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.

Həmçinin, regionlarda idarəetmə işinin səmərəliləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, yerli strukturların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması kimi faktlar həyata keçirilən siyasətin əhəmiyyətini göstərir.


Sosial dövlət fəlsəfəsi
Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, cənab İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".


Qaçqın və məcburi köçkünlər problemi
Cənab İlham Əliyevin ölkə başçısı kimi fəaliyyətinin pozitiv göstəricilərindən biri də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza yüksək səviyyəli dövlət qayğısının təşkil edilməsi olub. 2003-cü ildə Azərbaycan Respublikasının prezident seçkiləri ərəfəsində "bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını" bildirən cənab İlham Əliyev verdiyi vədə əməl etdi. Ötən müddət ərzində çadır düşərgələri tamamilə ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastruktura malik olan yeni qəsəbələr salındı.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri, bu məqsədlə qəbul etdiyi qərarlar və həyata keçirilmiş proqramlar sayəsində işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq həddi 5 dəfə - 75 faizdən 15 faizədək azaldı. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Bununla yanaşı, 2004-2012-ci illər ərzində 85,5 min nəfər məcburi köçkün işlə təmin edilib, 2331 nəfər peşə hazırlığı kurslarına, 1716 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib. Həmçinin, cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin uğurlu nəticələrindən biri kimi on minlərlə qaçqın və məcburi köçkün ailəsi dövlət tərəfindən tikilmiş yaşayış üçün hər cür şəraiti olan yeni mənzillər aldı.


Demokratik inkişafın milli modeli
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası simmetrik münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib. Məhz bunun da qanunauyğun nəticəsi kimi, demokratik tranzit yeni keyfiyyətdə davam etdirilib və onun mütləq komponentləri bərqərar olunub.

Sadalananları sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.

Cənab İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik".

Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Həmçinin, cənab İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Əgər biz Azərbaycan mətbuatının son 10 ildəki inkişaf tarixinə nəzər salsaq görərik ki, dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda milli mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən "KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası"nın nə qədər əhəmiyyətli olduğunu görərik. Eyni zamanda, onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq siyasi təmayülündən, mövqeyindən, tənqidçi, təqdirçi və yaxud orta mövqedə olan hansı növ milli mətbuatı təmsil etməsindən asılı olmayaraq, gündəlik çıxan bütün qəzetlərə eyni məbləğdə yardım edilib. Bu isə, əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsasında baş verib.


Azərbaycan gəncliyi ilə bağlı siyasət
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qalıb. Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldırlar.

Beləliklə, sadalananlardan aydın olur ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisidir. Bu səbəbdən də gənclər Azərbaycanın gələcək inkişafını məhz cənab İlham Əliyevin adı ilə bağlayırlar.


Milli təhlükəsizlik
Vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.

Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə-informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.

İnformasiya təhlükəsizliyi İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. Əlbəttə, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində mümkün olur ki, bu istiqamətdə də sürətli tərəqqini şərtləndirən əhəmiyyətli tədbirlər görülməkdədir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" qəbul edilib və burada inkişafın əsas strateji istiqamətləri təsbit olunub.

İnformasiya təhlükəsizliyinin əsas istiqaməti kimi beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, informasiya vasitəsilə və xüsusilə də, virtual platformada təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlükdə, informasiya mübarizəsinin rasional və praqmatik surətdə təşkil edilməsi başlıca strateji vəzifələr qismində çıxış edir. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "İnformasiya mübarizəsi indiki şəraitdə hesab edirəm ki, prioritet məsələlərdən biridir. Biz internet və qloballaşma dövründə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyildir. Bəzi hallarda bəzi dairələr, - onların adını çəkmək bəlkə də mənim üçün yaxşı olmaz, onsuz da onları hamımız yaxşı tanıyırıq, - Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq".


Xarici siyasət və Mədəni diplomatiya
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.

Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi bunun başlıca göstəricisidir.

Əlbəttə ki, Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi özünün möhtəşəmliyi ilə müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir.

Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

2003-2013-cü illəri ölkəmizin mədəni irisnin beynəlxalq auditoriyanın diqqət mərkəzinə gətirilməsi və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan təbliğat və tanıtım işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin YUNESKO tərəfindən "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı"na daxil edilməsi ilə nəticələnib.

Onu da qeyd etmək lazımdır ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, mədəniyyətlərarası dialoqa töhfədir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir.

Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir.


Azərbaycan regional aktordur
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu naliyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub.