Azərbaycanşünaslıq Akademiyası
Yeni dövr Azərbaycan ədəbiyyatı
(60-cı illərdən başlayaraq dövrümüzə qədər)

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır. Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu. Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin - başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir. Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur. Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun (“Ögey", "Çevrilmə" hekayələri, "Üçüncü günün adamı" povesti), Məqsəd Nurun (“Küləkli şəhər”, “Ero-gigiyenik”, “Katastofiklər”, “Rütubət sevgiləri” hekayələri, “Şəhər meri” romanı), Sadıq Elcanlının ( «Zülmət» romanı), Mübariz Cəfərlinin («Bərpaçı», «Şahid qatar», «Uydurma», «Bənna» povestləri) əsərləri modernizmin, Kamal Abdullanın («Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» romanları, «Tarixsiz gündəlik» povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər. Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.