Azərbaycanşünaslıq Akademiyası
Orta əsr Azərbaycan ədəbiyyatı

XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında "Gülşəni-raz" poeması diqqəti daha çox cəlb edir. XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın "Vərqa və Gülşa" poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri - Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. "Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.

XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır. Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin "Gülşəni-şüəra" ("Şairlər gülşəni"), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin "Məcməül-xəvas" ("Seçilmişlər məclisi") təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz. XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi - Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır. Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı - böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır. Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır. XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. "Aşıq Qərib", "Abbas və Gülgəz", "Əsli və Kərəm" kimi mükəmməl məhəbbət dastanları, "Kitabi-Dədəm Qorqud"un layiqli varisi olan "Koroğlu" qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük. Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr - Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.