Azərbaycanşünaslıq Akademiyası
Qədim Azərbaycan ədəbiyyatı

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.

Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər. XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.

XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.