Azərbaycanşünaslıq Akademiyası
Azərbaycanda din

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Məzhəblərə gəldikdə isə azərbaycanlıların çoxu (təqribən 65 faizi) şiələrdir Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.

İslam
7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində yayıldı. Azərbaycanın islamlaşması da erkən islam fütuhatı ilə hicrətin 18-ci ilindən (639-cu il) başlanır. Ərəblərə məğlub olan Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad həmin il sülh müqaviləsini bağladı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Ərəbləri şəhərin istehkamları heyran edir və onlar Dərbəndi "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə [656- 661] Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatı çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər. Döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali isə bir qədər kənara - "rabat" adlanan yerlərə köçürülürdü. Bu dövrdə ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi. Azərbaycanda islamlaşmanın birinci mərhələsi 7-ci əsrin ortalarından 8-ci əsrin əvvəllərinə qədər davam edən islam fütuhatı dövrünü əhatə edir. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və alban kilsəsinin öz müstəqilliyini (avto-kefallığını) itirməsi ilə bitir. Akademik Z. Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında da yayılır, çünki ərəblər tərəfindən onlara güzəştlər olunurdu. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, tayfa şüurunun üstünlüyü qorunub saxlanılırdı. İkinci mərhələ 8-ci əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövləti yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, iudaizm mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, lakin nüfuz dairəsi zəiflədiyindən ardıcılları erməniləşir, ayinlər erməni dilində aparılırdı. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlılıq da qalır. Abbasilər hakimiyyətinin ilk dövründən başlanan şüubilik hərəkatı, Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə Azərbaycanda mötədil şiəlik yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır. Dördüncü mərhələ Səlcuqilər dövrü (11-ci əsrin ortaları – 13-cü əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (13-cü əsrin 1-ci yarısı – 15-ci əsrin 2-ci yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni 15-ci əsrin 2-ci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir. Altıncı mərhələ Səfəvilərin (1501-1786) və 16-cı əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi sayılır. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 1832-ci il noyabrın 29-da Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə Xarici İşlər Nazirliyinin əməkdaşı N. Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də, Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş aldığı halda, həmin ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 1872-ci il aprelin 5- də təsdiq edildi. İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazi var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilirdi. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir və həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı müasirləşdirmək meyilləri güclənir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra şeyxülislamlıq təsisatı ləğv edilir, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşizmə qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 1944-cü il mayın 25-28-də Bakıda keçirilir və Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislam idi, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin müavini sayılır və sünniməzhəb müsəlmanların dini işlərini tənzim edir. SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi öz fəaliyyət dairəsini daha da genişləndirmişdir. 1998-ci ildə Bakıda Qafqaz müsəlmanlarının 10-cu qurultayı keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstanda və Dağıstanda da nümayəndəlikləri açılmışdır. QMİ beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaradır. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti ruhani kadrların yetişdirilməsi sahəsində xeyli iş görür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və islamşünas mütəxəssislər hazırlanır. Ölkədə 1300 məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda həmçinin 11 molokan icması da fəaliyyət göstərir.

İudaizm

Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazi) və gürcü yəhudiləri icmaları mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin danışıqlarında çoxlu türk, fars və rus sözləri vardır. Musa Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlməsini e.ə. 1-ci əsrə aid edir. Başqa məlumatlara görə, onlar Şərqi Qafqaza Sasani hökmdarı I Xosrov Nuşirəvan [531-579] tərəfindən köçürülmüşlər. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri hesab edirlər. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt halda məskunlaşdıqları ən iri yaşayış məntəqəsidir. Ayin orucu günü dünyanın hər yerindən dağ yəhudiləri yaxınlarının qəbirlərini ziyarət etmək üçün buraya gəlirlər. Qəsəbədə üç sinaqoq və mikva vardır. Azərbaycanda 19-cu əsrdən məskunlaşmağa başlamış Avropa yəhudilərinin əksəriyyəti Bakıda və Sumqayıtda yaşayırlar. Gürcü yəhudilərinin icması sayca kiçikdir. 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur.

Xristianlıq
Azərbaycan ərazisində Xristianlıq yeni eranın ilk əsrlərində yayılmışdır. Burada ilk xristian icmalarının yaranması da bu dövrə təsadüf edir. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (suriyapərəst) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Aqvan diyarının Kiş adlı yerində Qafqazda ilk xristian kilsəsini inşa etmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan etdi. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının yunanpərəst dövrü başlanır. 4-5-ci əsrlərdə bölgədə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır, kilsələr tikilir, dini kitablar Suriya və yunan dillərindən tərcümə edilirdi. Sinayda aşkar edilmiş alban yazısı və alban dilində olan leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. 5-6-cı əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. 6-cı əsrin sonu – 7-ci əsrin əvvəllərində alban kilsəsi diofizitliyi qəbul edir. Alban katolikosunun iqamətgahı Çoqa şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatından, xüsusilə alban dövlətinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, alban kilsəsi isə erməni kilsəsinə tabe edilmişdir. 9-10-cu əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. Bu durum 19-cu əsrə kimi davam etmiş, 1836-cı ildə isə çar hökuməti Sinodun təqdimatı ilə alban kilsəsini ləğv etmiş, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilmişdir. 20-ci əsrin 80-90-cı illərində alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra, alban-udi xristian icması dövlət qeydiyyatından keçmişdir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Pravoslavlıq
Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildən fəaliyyət göstərir. Rus pravoslav kilsəsində baş vermiş parçalanmadan sonra sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Rus Borisi, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində artıq 13 min sektantın yaşadığı 21 kənd var idi.

Katolisizm
Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi adlı kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan Müqəddəs Məryəmin Bakirə Hamiləliyi yeni kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunmuş və 2001-ci ildə icma öz ibadət evini yaratmışdır.

Baptizm
İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ 19-cu əsrin 2-ci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də 19-cu əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar olmuşdur. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda incilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899- cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Göygöl şəhəri) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır. Alban-udi kilsəsi Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayır. Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, "xristian kilsələrinin anası" hesab olunur. Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə" çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı qismən də olsa bərpa edilmişdir.

Azərbaycan ərazisində vaxtilə mövcud olmuş dinlər
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.

Bütpərəstlik
Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir. Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir. Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştilik
Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (AhuraMazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur. Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir. Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

Ölkədə mövcud olan konfessiyalar və dini qruplar
Hazırda Azərbaycan Respublikası ərazisində 510-dan artıq dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 32-si qeyri-islam təmayüllü dini icmalardır. Ənənəvi konfessiyalar:

Ortodoks konfessiyası
1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Roma-katolik konfessiyası
1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. 2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul olunmuşdur. 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilmişdir.
Protestantlıq cərəyanı
Yevangel-lüteran kilsəsi
Yevangel xristian baptist icması
7-ci gün adventistləri
“Şərqdə ulduz” xristian incil dini icması
Molokan ruhani xristianların dini icması
Alban-udi xristian dini icması

Yəhudilər
Avropa yəhudilərinin dini icması «Aşkinazi»
Dağ yəhudiləri icması-sefartlar
Gürcü yəhudiləri icması
Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamışdır. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyata alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. 2003-cü ilin sentyabr ayında Bakıda “Od-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasan Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilmişdir. Ölkədə mövcud olan yüksək tolerantlıq dərəcəsi və yəhudilərə qarşı heç bir arı-seçkiliyin olmadığı 2006-cı il fevral ayının 9-14-də Azərbaycana səfər etmiş Amerikanın başlıca yəhudi təşkilatları prezidentlərinin Konfransı təşkilatının nümayəndə heyəti tərəfindən də vurğulanmışdır. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi.

Qeyri-ənənəvi din və təriqətlər:
Yehova şahidləri
Nehemiya
Mədh kilsəsi
Həyatverici lütf
Beynəlxalq Krişna şüuru
Bəhai Novoapostol kilsəsi
Yevangel xristianları icması

Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkədəki dini mərkəzlər ilə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.