Azərbaycanşünaslıq Akademiyası
Azərbaycan dili



Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur:

Maddə 21. Dövlət dili
1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Flektiv dillərdən (Hind-Avropa, sami-hami və s. dillərdən) fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri müstəqil leksik və qrammatik mənası olan sözlədir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və söz əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.
İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.
Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).
Ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Onun 9 milyona yaxını Azərbaycan Respublikasında, yerdə qalanları isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışlar.